Prokurorluq Ziya Muradovun  ölümü ilə bağlı araşdırmaya başladı - YENİLƏNİB
28 avqust 2026 13:16 (UTC +04:00)

Prokurorluq Ziya Muradovun ölümü ilə bağlı araşdırmaya başladı - YENİLƏNİB

1

Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, hadisənin bütün hallarının, o cümlədən Ziya Muradovun ölümünün səbəbinin və başvermə şəraitinin müəyyən edilməsi istiqamətində zəruri prosessual hərəkətlər həyata keçirilir. 

Toplanmış materialların nəticələrinə əsasən hadisəyə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət veriləcək.

***
09:48

"Qanun" nəşriyyatının tərcüməçisi Ziya Muradovun ölüm səbəbi məlum olub.

Hüquq-mühafizə orqanlarından Lent.az-a bildirilib ki, mərhum Ziya Muradov ürək tutmasından dünyasını dəyişib.

Hadisə avqustun 2-də Qubanın Xanagah kəndi ərazisində, dağ yürüşü zamanı baş verib.

Hazırda faktla bağlı prokurorluq tərəfindən araşdırmalar davam etdirilir.

 

***

00:16

 

“Qanun” nəşriyyatının tərcüməçisi Ziya  Muradovun ölüm xəbəri yayılıb.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu məlumat paylaşıb.

İlkin məlumata görə, Ziya  Muradov Quba ərazisində 17 nəfərlik turist qrupu ilə dağ yürüşündə olarkən həyatını itirib. Hadisə ilə bağlı məlumatın indiyədək ictimaiyyətə açıqlanmadığı bildirilir.

Lent.az-ın əməkdaşı mərhumun ailə üzvləri ilə əlaqə saxlayıb. Ziya  Muradovun bacısı Aytən xanım bildirib ki, hazırda Parisdə yaşayır və qardaşının ölüm xəbərini aldıqdan sonra ailəsinin yaşadığı Qazax şəhərinə gəlib.

Onun sözlərinə görə, ailə Ziya  Muradovun ölümünün bəzi məqamlarının müəmmalı olduğunu düşünür və hadisənin araşdırılması üçün aidiyyəti qurumlara müraciət edib.

Mərhumun bacısı Ziya  Muradovun ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi məqsədilə qəbrin ekshumasiya olunmasını istədiklərini də bildirib.

Hadisə ilə bağlı əlavə məlumat əldə etmək üçün araşdırmamız davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 3157

Oxşar yazılar