Salyanda istixanada narkotiklər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Salyan rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli bilinən Kərimbəyli kənd sakini Əmrah Rəhimov saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətində olan iki istixanadan xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmiş ümumi çəkisi 250 kiloqram olan 1068 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Polis əməkdaşları tərəfindən götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib.
Faktla bağlı Salyan rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.