Aprelin 13-də Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin əməkdaşları külli miqdarda tütün məmulatlarının qanunsuz olaraq ölkəyə gətirilməsinin qarşısını alıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə, Yardımlı rayonu, Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində işarəverici qurğudan İran tərəfdən dövlət sərhədinin pozulması haqqında siqnal daxil olub. Dərhal sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, əraziyə hərəkət edən sərhəd naryadı 4 nəfər naməlum şəxs tərəfindən İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.
Sərhəd naryadının “Dayan” əmrinə baxmayaraq, sərhəd pozucuları əllərindəki qaçaqmalı yerə ataraq ərazinin relyefindən istifadə edib geriyə qaçıblar.
Axtarış tədbirləri nəticəsində ərazidə aşkarlanan 7 ədəd bağlamaya baxış keçirilərkən 8 380 qutu (4330 qutu “Marlboro” və 4050 qutu “KENT” markalı) siqaretləri aşkar olunaraq götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.