Bir müddət əvvəl Ali Məhkəmənin Bakıda qaynının arvadını estetik əməliyyat edən həkimlə bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv etməsi və işə yenidən baxılması üçün məhkəməyə göndərilməsi barədə xəbər vermişdik.
Bu gün Bakıda qaynının arvadını estetik əməliyyat edərək onun ölümünə səbəb olmaqda ittiham edilən həkim - "AzE Estetik Mərkəz"in direktoru Ülviyyə İlyasovanın yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi üzrə proses keçirilib.
Lent.az xəbər verir ki, hakim Aqil Musayevin sədrliyi ilə baş tutan iclasda müttəhimin barəsindəki həbs olmayan qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəzlənib.
Ülviyyə İlyasova məhkəmə zalında həbs olunub.
Xatırladaq ki, ötən il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə cinayət işi başlanıb. Müəyyən olunub ki, “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasova aprelin 15-də qaynı arvadı Səbirə Vəliyevanın üzərinə liposaksiya əməliyyatı icra edib, daha sonra yaşadığı evə apararaq həkim nəzarətindən kənar saxlayıb.
Növbəti gün Səbirə Vəliyeva kəskin qanaxmadan həyatını itirib.
İddia olunurdu ki, Ülviyyə İlyasova eltisini mətbəxtə əməliyyat edibmiş.
Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan edilib. Barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən, Ü.İlyasova 3 il səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il iki ay müddətinə azadlıqdan məhrum edilib. Həmçinin cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkməsi barədə qərar qəbul edilib.
Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, dövlət ittihamçısının protesti qismən təmin edilərək hökm prosessual əsasla dəyişdirilib və Cinayət Prosessual Məcəlləsinin normaları təbliğ olunmaqla təqsirləndirilənə təyin olunmuş hökm qismən birləşdirilib. Ü.İlyasovaya təyin edilmiş cəza isə olduğu kimi saxlanılıb.
Daha sonra Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət edən zərərçəkənin vəkilinin müraciəti təmin edilib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilərək yenidən baxılması üçün həmin məhkəməyə göndərilib.