Şəkidə aptek və evdən oğurluq edən şəxslər saxlanılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Şəki şəhəri ərazisində yerləşən apteklərin birindən mobil telefon, seyf və kassada olan pulun oğurlanması ilə bağlı polis şöbəsinə müraciət daxil olub. “İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər də məhkum olunmuş Ayxan Səlimov tutularaq istintaqa təhvil verilib. Saxlanılan şəxsdən oğurladıqları, eləcə də obyektin qapısını açmaqda istifadə etdiyi soyuq silah maddi sübut kimi götürülüb.
Araşdırma zamanı Ayxan Səlimovun digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, onun respublikanın digər şəhər və rayonlarında da bir qayda olaraq apteklərdən oğurluq etdiyi məlum olub.
Keçirilmiş digər bir əməliyyat-istintaq tədbirləri nəticəsində isə fərdi yaşayış evindən ümumilikdə 2300 manat dəyərində mis qazan,samovar, məcmeyi və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Qismət Abdurrəhimov tutulub. Saxlanılan şəxs əməlini etiraf edib və oğurladığı əşyaları əlvan metal qəbulu məntəqəsinə satdığını bildirib.
Faktlarla bağlı Şəki şəhər Polis Şöbəsində cinayət işləri başlanılıb, saxlanılan şəxslərin digər qanunazidd əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.