Aprelin 7-də Abşeron rayonu, Xırdalan şəhərində intihara cəhd olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, 26 yaşlı Bakı şəhər sakini Mirac İbadlı aprelin 7-də saat 18 radələrində özünü yaşayış binasının 9-cu mərtəbəsinin eyvanından atmaq istəyib. Polislər intiharın qarşısını alıb və o, xəstəxanaya yerləşdirilib.
Bir neçə gün öncə də M.İbadlının intihar məqsədilə evdən çıxdığı barədə xəbər vermişdik. Həmin vaxt gənc qız naməlum şəraitdə qollarını doğramış və güclü qanaxma olduğu üçün Sabunçu 7 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilmişdi. Bu dəfə isə M.İbadlı “Xalqlar Dostuluğu” metrostansiyası yaxınlığında yaşadığı evdə saçlarını kəsib, daha sonra Xırdalanda rəfiqəsinin evinə gedib. İntihara cəhd hadisəsi də orada baş verib.
M.İbadlı Azərbaycan Tibb Universitetini bitirib. Daha sonra təhsilini Türkiyədə davam etdirib və orada həkim işləyib.
Yaxınlarının Lent.az-a verdiyi məlumata əsasən, M.İbadlının intihara cəhd etmə səbəbi sevgi məsələsinə görədir. Sevdiyi oğlanın Naxçıvanda yaşadığı bildirilir.
Dünən Xırdalanda intihara cəhd etməsindən sonra isə 1 saylı Respublika Ruhi-Əsəb Dispanserinə yerləşdirilib.