Bakının Binəqədi rayonunda baş verən partlayış nəticəsində yaralanan daha bir nəfər ölüb.
Bu barədə Lent.az-a Baş Prokurorluqdan məlumat verilib:
"Təəssüflə bildiririk ki, bu gün saat 14 radələrində yaralılardan 1 nəfər - 28 yaşlı Rüstəmov Adil Aydın oğlu göstərilən tibbi yardımlara baxmayaraq müalicə aldığı xəstəxanada ölüb. Bununla da hadisə nəticəsində həyatını itirənlərin sayı 10 çatıb. Hazırda zəruri tibbi yardımlar göstərilməklə yaralanan digər şəxslərin müalicəsi davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bir daha vəfat edənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayır".
Qeyd edək ki, yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində baş verən partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır. Hazırda yaralı sayı 23-dür.