Bakının Pirallahı rayonunda 10 ev qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Pirallahı rayonu Dübəndi bağları yaşayış massivində yerləşən yeni tikilməkdə olan evlərdən birindən oğurluq edilib. Zərərçəkən Pirallahı rayon Polis Şöbəsinə müraciət edərək evdən məişət əşyalarının oğurlandığını bildirib. Eyni məzmunlu şikayətlərlə müraciət edən həmin ərazidə yaşayan daha 9 sakinin ərizəsi Polis Şöbəsində qeydə alınıb. Onlar da evlərdən tikinti materialları, təmir-tikinti alətləri və digər əşyaların oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs və ya şəxslər tərəfindən törədildiyi müəyyən edilib.
Pirallahı rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən paytaxt sakinləri Xəyal Şirinov və Elman Əzizov saxlanılıblar. Onlar izahatında etdikləri oğurluqları etiraf ediblər.
Faktlarla bağlı Pirallahı rayon Polis Şöbəsində Cinayət İşi başlanılıb. Saxlanılan şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.