Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç hər biri 20 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən şəxslərin hər birinə 20 il cəza istəmişdi.
***
11:37
Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
APA xəbər verir ki, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsində hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər. Müdafiəçilər çıxışlarında məhkəmə iclaslarının qanunun tələblərinə uyğun aparıldığına görə təşəkkür ediblər.
Daha sonra təqsirləndirilən şəxslər son söz deyiblər.
Erməni yaraqlıları son sözlərində məhkəməyə və istintaqda iştirak edən əməkdaşlara təşəkkür ediblər:
"Məhkəmə davam edən müddətdə bizimlə çox yaxşı davrandılar. Azərbaycan Prezidentindən, Azərbaycan xalqından və məhkəmədən üzr istəyirik. Yalvararaq bizi bağışlamağınızı xahiş edirik".
Məhkəmə hökm çıxarmaq üçün müşavirəyə gedib.