Rusiyanın “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov korporativ təhlükəsizlik və əlaqə məsələləri üzrə müavini Anatoliy Barkovu vəzifədən azad edib.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “Lukoyl” şirkəti Anatoliy Barkovun pensiyaya çıxması ilə əlaqədar vəzifəsindən azad edildiyi və onu bu postda Korporativ təhlükəsizlik departamentinin rəisi Stanislav İzotovun əvəzləyəcəyi barədə məlumat yayıb.
Qeyd edək ki, Anatoliy Barkov 2010-cu ilin fevralında Moskvanın Lenin prospektində baş vermiş və Rusiyaya geniş rezonans doğurmuş qəzadan sonra “məşhurlaşıb”. Həmin vaxt həkim Olqa Aleksandrinanın idarə etdiyi “Citroen-C4” markalı avtomobil Lukoyl şirkətinə məxsus “Mercedes S-500” markalı avtomobillə toqquşub. Sürücünün idarə etdiyi avtomobildə arxa oturacaqda “Lukoyl” şirkətinin vitse-prezidenti Anatoliy Barkov olub. Xəsarət alan Anatoliy Barkov xəstəxanaya yerləşdirilib. “Citroen-C4” markalı avtomobilin sürücüsü və avtomobildəki sərnişin – Rusiyanın əməkdar həkimi, professor Vera Sidelnikova isə qəza nəticəsində həyatını itirib. Anatoliy Barkov məhkəmədə şahid qismində verdiyi ifadəsində deyib ki, qəza zamanı yatmış vəziyyətdə olub, avtomobili idarə etməklə bağlı sürücüyə hər hansı göstəriş verməyib. Məhkəmə isə qəza zamanı həyatını itirmiş Olqa Aleksandrinanın yüksək sürətlə hərəkət etdiyi, təhlükəsizlik qaydalarına riayət etmədiyi üçün idarəetməni itirdiyi qənaətinə gəlib...