Ukrayna Rusiyaya iddia etdiyi 7 milyard dolları vermək niyyətində olmadığı bir daha açıqlayıb.
Let.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, ölkənin baş naziri Nikolay Azarov ölkə televiziyasına müsahibəsində deyib: «Biz «Qazprom»a çox nəzakətlə bildirdik ki, onların 7 milyard dollarlıq iddiası əsassızdır və biz bu məbləği ödəməyəcəyik».
«Qazprom»-la Ukrayna bu məsələ ilə bağlı iki dəfə görüşüb. Fevralda Ukrayna prezidenti Viktor Yanukoviç bildirmişdi ki, bu məbləği ödəməyəcəklər, ancaq qaz idxalı ilə bağlı danışıqları davam etdirəcəklər.
Hazırda Kiyevlə Moskva arasında Ukrayna energetika sahəsinin ikitərəfli idarə edilməsi istiqamətində danışıqlar getsə də, V.Yanukoviç qaz idxalı ilə bağlı başqa yollar arayırlar.
Xatırladaq ki, Rusiyanın «Qazprom» dövlət şirkəti Ukraynanın «Naftoqaz»-ına qarşı 7 milyard dollara yaxın iddia qaldırıb.
Rusiya tərəfi iddia edib ki, Ukrayna şirkəti 2012-ci ildə aldığı təbii qazın pulunu ödəməyib.
«Naftoqaz» təmsilçisi bildirib ki, ötən ilin pulunu bütövlükdə ödəyiblər, eləcə də Rusiyadan idxal edəcəkləri «mavi yanacağın» həcmini azaldacaqları barədə onlara xəbər veriblər.