“ABŞ Suriyaya hücum edəcəyi təqdirdə, Suriya ordusu tək İsrailə deyil, Türkiyə və İordaniyaya da zərbə endirəcək”.
Lent.az-ın verdiyi məlumata görə, bunu “Wall Street Journal”a müsahibəsində Suriya xarici işlər nazirinin müavini Faysal əl-Miktad söyləyib.
Faysal əl-Miktad ABŞ-ın bölgədəki müttəfiqləri olan Türkiyə və İordaniyanın iki dəfə düşünməli olduğunu bildirib. Onun sözlərinə görə, savaş başlayarsa, xaos yaranacaq, prosesləri heç kim nəzarətdə saxlaya bilməyəcək: “Türkiyə qəti olaraq Suriyaya qarşı əməliyyata dəstək verir. İordaniya isə bitərəf olduğunu açıqladı, ancaq ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin bu ölkədə və Səudiyyə Ərəbistanında hazırladığı döyüşçülər hazırda Suriyada hökumətə qarşı savaşırlar. Suriyaya hücum İordaniyadan başlayarsa, İordaniya bunun acı nəticəsini görəcək”.
Amerika xalqını sevdiklərini bildirən Faysal əl-Miktad deyib ki, ərəb əsilli bir çox amerikalı var, onların da bir qismi suriyalıdır: “Biz ABŞ-la savaş istəmirik. ABŞ-ın əməliyyatı Vaşinqtonun Suriyada dəstəkləməyi düşündüyü dünyəvi müxalifləri deyil, “Əl-Qaidə” terror təşkilatına bağlı qrupları gücləndirəcək. Konqresin bu hücuma yaşıl işıq yandırması Suriya xalqı, ABŞ xalqı və bölgədəki hər kəs üçün bir faciə olar. ABŞ bölgədəki tək dünyəvi siyasi sistemlə savaşaraq nə qazanacaq?”.
Suriyaya hücum olacağı təqdirdə Dəməşqin müttəfiqləri olan İran və Rusiyanın yardıma gələcəklərini bəyan edən Faysal əl-Miktad bu yardımın detallarını açıqlamayıb: “Hazırda özümüzü müdafiə etməmiz üçün Rusiya bizə silah verir”.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə Suriyanın Türkiyəyə zərbə endirəcəyi yönündə təhdidə cavab olaraq deyib ki, Türkiyə belə bir şeyə hər an hazırdır: “Suriyanın özü buna nə qədər hazırdır? Bunu bilmirəm”.