Lent.az-ın "İTAR-TASS"-a istinadən məlumatına görə, toplantının yekunlarına əsasən, Silahlı Qüvvələrin Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Jandarma Qüvvələrinə yeni komandanlar təyin olunub.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəlin bu vəzifədə səlahiyyətləri 2015-ci ilədək uzadılıb.
Quru Qoşunları komandanı təyin olunmuş general Hülusi Akarın Necdət Özəli Baş Qərargah rəisi vəzifəsində əvəz edəcəyi ehtimal olunur.
Ali Hərbi Şurasının gözlənilməz qərarı Jandarma Qüvvələrinin baş komandanı Bəkir Kalyoncunun istefaya göndərilməsi olub. Quru Qoşunları komandanı vəzifəsinə məhz Bəkir Kalyoncu ən real namizəd sayılırdı. “Zaman” qəzeti ehtimal edir ki, Şuranın bu cür qərar verməsinə səbəb Kalyoncunun Ankaranın irəli sürdüyü "kürd məsələsi"nin sülh yolu ilə nizamlanması prosesinə tənqidi yanaşması olub.
Bundan başqa Ali Hərbi Şuranın keçirdiyi toplantının yekunlarına görə, 34 general və admiralın vəzifəsi artırılıb, 50 polkovnikə isə general rütbəsi verilib.
Qeyd edək ki, Türkiyə baş nazirinin rəhbərliyi ilə Ali Hərbi Şurasının (YAŞ) toplantısı ildə 2 dəfə keçirilir.
Ölkə mətbuatı Silahlı Qüvvələrdəki kadr dəyişikliyinin dövlət çevrilişi cəhdi ilə bağlı “Erqenekon” işi üzrə məhkəmənin yekun iclasının ərəfəsində həyata keçirildiyini xüsusi vurğulayıb.