Türkiyə Ali Təhsil Şurasının avqust ayında verdiyi inanılmaz qərarın detalları üzə çıxıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, universitetlərdəki ilahiyyat fakültələrində fəlsəfə dərslərinin tədrisini ləğv edən Ali Təhsil Şurası bu fakültələrin adlarını da dəyişdirib.
Universitetlərdəki ilahiyyat fakültəsi bundan sonra “İslam elmləri fakültəsi” adlandırılacaq. Fakültələrdə islahat aparılması məqsədi ilə İlahiyyat Fakültələri Fəaliyyət Komissiyası təşkil edən Ali Təhsil Şurası bu komissiyanın təqdim etdiyi hesabatı nəzərə almadan fakültələrin adlarını dəyişib. Bu qərar Ali Təhsil Şurasının özündə də ciddi parçalanmaya yol açıb, üzvlərin bir qismi qərarı yanlış sayaraq sərt tənqidlər səsləndiriblər. Şuranın üzvü professor Durmuş Günay qərarla bağlı şərhində qeyd edib ki, qərar müasir dünyanın tarixi təcrübəsini, qədimiliyi və ənənəni yox sayan bir şüurun nəticəsidir. O bildirib ki, əgər islam elmləri fakültələrinin yaradılmasına ehtiyac duyulurdusa, o halda ilahiyyat fakültələrinin adlarını dəyişmək, fəlsəfə dərslərini ləğv etmək yox, ayrıca islam elmləri fakültələri yaratmaq olardı.
Türkiyə Ali Təhsil Şurasının qərarı ilə bu fakültələrdə fəlsəfə və fəlsəfə mahiyyətli dərslərin tədrisi ilə birlikdə, tarixdən bəhs edən dərslərin, o cümlədən sənət və musiqi dərslərinin (“Fəlsəfə tarixi”, “Fəlsəfəyə giriş”, “Təfsir tarixi”, “Hədis tarixi”, “Kəlam tarixi”, “İslam məzhəbləri tarixi”, “İslam mədəiyyətləri tarixi”, “Türk islam sənətləri tarixi”) tədrisi də dayandırılıb. “Fıkıh”, “Təfsir”, “Hədis” kimi dərslərin saatları isə artırılıb.
Durmuş Günay vurğulayıb ki, qloballaşan dünyada islam alimləri təkcə müsəlmanlarla deyil, bütün inanc sahibləri ilə müzakirə aparmaq durumundadırlar. Onun sözlərinə görə, bu səbəbdən fəlsəfi zəminə əsaslanan ilahiyyat fakültələri sadəcə, islam inanc və ibadətlərini öyrətməklə məhdudlaşa bilməz. Durmuş Günay qeyd edib ki, dünyanın nə üçün yaradıldığı, yaşamın anlamı ilə bağlı bəşəri sualların cavablarını din və fəlsəfə verir, fəlsəfə olmadığı halda bu suallara ətraflı cavab almaq mümkün deyil.