Tacikistanın daxili işlər naziri Ramazan Rəhimov ölüm hökmünün tətbiqi ilə bağlı çıxış edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, deyib : «Mən ölüm hökmünün ləğvinə qarşıyam. Hərdən elə ağır cinayətlər törədilir ki, onu bağışlamaq mümkün deyil».
Hazırda Tacikistanda edamın tətbiqinə dair moratorium fəaliyyət göstərir.
Bu ilin aprelində ölkə prezidenti İmaməli Rəhman parlamentə ölüm hökmünün birdəfəlik yasaqlanması barədə müraciət etmişdi.
Cari ilin mayında isə ölüm hökmünün ləğvi üzrə beynəlxalq komissiyanın təmsilçisi, keçmiş prezident Rut Dreyfus ölkəyə səfəri zamanı Tacikistan rəhbərliyi ilə bu hökmün ləğvi məsələsini müzakirə edib.
Ölüm hökmünün dayandırılmasına dair moratorium 2004-cü ildən qüvvədədir. Bu hökm ömürlük həbslə əvəzlənib.