Futbol üzrə Hindistan çempionatında “Moxun Baqan” və “Peylan Errouz” komandaları arasında keçirilmiş oyunun ardından meydanda 10-dan çox zəhərli ilan peyda olub. Lent.az-ın “The Indian Express”ə istinadən verdiyi məlumata görə, qeyri-adi hadisə Kalyani şəhər stadionunda keçirilmiş matçın final fitindən bir neçə dəqiqə sonra baş verib.
Bu vaxt oyunçular meydanda olmayıblar. İlanlar isə meydandan tribuna altındakı obyektlərə, hətta paltardəyişmə otaqlarının önünə doğru irəliləyiblər. Futbolçular baş verənlərdən ilanlar stadion ərazisindən qovulduqdan sonra xəbər tutublar.
Oyunçular və azarkeşlər arasında zərər çəkən omayıb. Lakin “Moxun Baqan”ın və Hindistan yığmasının yarımmüdafiəçisi Rəhim Nəbi bildirib ki, Kalyani arenasında oynamaq onun üçün qorxulu olacaq. Hindistan Futbol Federasiyası isə stadionu cəzalandırmaq niyyətində deyil. Federasiya gələcəkdə belə halın baş verməməsi üçün tədbirlər görməyi tələb edib.
Qeyd edək ki, görüş “Moxun Baqan”ın qələbəsi ilə nəticələnib – 3:2. İlanların fəallaşmasına səbəb kimi regionda havaların xeyli isti olması göstərilir. Yüksək temperatur üzündən sürünənlər yuvalarını tərk etməli olurlar.