Şimali Koreyada ölkə rəhbərinin bir müddət əvvəl edam olunmuş dayısı Çan Son Txekin bütün ailəsi Kim Çen İnin əmri ilə edam olunub.
APA TV-nin məlumata görə, kütləvi edama azyaşlı uşaqlar da daxil olmaqla Çan Son Txekin bütün ailə üzvləri məruz qalıb. Çan Son Txekin böyük bacısı Çan Qe Sun və onun əri - Koreya Xalq Demokratik Respublikasının Kubadakı səfiri Çon En Çjin, Txekin bacısı oğlu - Şimali Koreyanın Malayziyadakı səfiri Çan En Çxol və onun 20 yaşda olan övladları Te Ren və Te Un hələ ötən ilin dekabrında Pxenyana çağırılaraq edam olunublar.
Çan Son Txekin iki qardaşı daha əvvəl xəstəlikdən vəfat ediblər, buna görə kütləvi repressiyaya onun bacılarının azyaşlı nəvələri də daxil olmaqla ailələri məruz qalıb. Məlumata görə, Çan Son Txekin müqavimət göstərməyə cəhd edən ailə üzvləri yaşadıqları evlərinin qarşısında, qonşuların gözü qabağında güllələnərək edam olunublar. Şimali Koreya rəhbərinin dayısının qan qohumları olmayan qadınlara ölüm cəzası şamil edilməyib. Belə ki, Çan Son Txekin bacısı oğlu Çan En Çxolun həyat yoldaşı ailəsi ilə birlikdə ölkənin şimalına sürgün olunub. Şimali Koreyada uzun müddət ikinci adam hesab edilən Çan Son Txek ötən ilin dekabrında dövlət çevrilişinə cəhddə günahlandırılaraq edam edilib.