Rusiya ordusu 2014-cü ildə iri miqyaslı hərbi təlimlərə hazırlaşır. Lent.az-ın anspress-ə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya müdafiə nazirinin birinci müavini, ordu generalı Arkadi Baxin deyib.
Bir neçə ay əvvəl Belorusda və Kalininqrad vilayətində keçirilən "Qərb-2013" təlimlərini xatırladan nazir müavini qeyd edib ki, növbəti təlimlər ölkənin şərq regionunu əhatə edəcək. A.Baxin, "Şərq-2014" təlimlərinin növbəti ildə döyüş hazırlığını yoxlamaq məqsədi ilə keçirilən ən böyük tədbir olacağını deyib.
O əlavə edib ki, tədbir bütün Silahlı Qüvvələri əhatə edəcək və planlı şəkildə həyata keçiriləcək: "Bu, qoşun növlərinin gücünün yoxlanılması, həmçinin kollektiv təhlükəsizliyin təmin olunması məqsədi ilə həyata keçirilir".
Baxinin sözlərinə görə, bu il qoşunlarda 3 mindən çox təlim keçirilib ki, onlardan təxminən 400-ü böyük tədbirlərdir. Nazir müavini qeyd edib ki, 2014-cü ildə 29 beynəlxalq təlimin keçirilməsi də nəzərdə tutulub.