“İlk atəşi türk çoban açdı...”
Moskva əsgərlərinin Ermənistanla sərhəddə öldürdüyü türk çobanı günahkar çıxardı
İyulun 31-də axşam saatlarında Ermənistan ilə sərhəddə öldürülən Türkiyə vətəndaşı Mustafa Ülkerlə bağlı növbəti açıqlama Rusiyadan gəlib.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, SSRİ-nin süqutundan sonra da Ermənistandakı hərbi bazası vasitəsi ilə Ermənistan-Türkiyə sərhədinə nəzarət edən Rusiya Sərhəd Qoşunlarının sözçüsü polkovnik Sergey Greçin deyib ki, türk çobanın ölümünə yol açan olay hərtərəfli araşdırılıb.
Sergey Greçin bildirib ki, 35 yaşlı çoban sərhədi pozaraq Ermənistan torpaqlarına keçib. O iddia edib ki, Mustafa Ülker ərazidə növbə çəkən sərhədçiləri görən zaman atəş açıb və sərhədçilər də cavab atəşi açmaq məcburiyyətində qalıb. Sergey Greçin yaralanan Mustafa Ülkerin daha sonra həyatını itirdiyini söyləyib.
Qeyd edək ki, bu gün Türkiyə Ermənistana nota verib. Nota rəsmi İrəvana Türkiyənin Gürcüstandakı səfirliyi vasitəsi ilə çatdırılıb. Notada qeyd edilir ki, rəsmi Ankara Qarsda Arpaçay istiqamətində otardığı qoyunlarının sərhədi keçdiyini görüb, onları qaytarmaq üçün gedən Mustafa Ülkerin başından vurulmasını yolverilməz sayır: “Zorakılıq və hədsiz güc tətbiqinin izahı yoxdur. Məsum bir vətəndaşımızın bilmədən sərhədi pozduğuna görə öldürülməsini qınayırıq. Belə olaylar Cənubi Qafqaz bölgəsində münasibətlərin normallaşması və Ermənistanın qonşuları ilə münasibətlərdə rasional davranmasına ehtiyac olduğunu bir daha ortaya qoyur”.