Rusiyanın Petrozavodsk şəhərində həkim-ginekoloq müsəlman qadını müayinədən imtina edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, həkim qadın bildirib ki, o, yəhudidir və «yaylıqlı» pasienti qəbul etməyəcək.
Kareliya Respublikasının Səhiyyə Nazirliyi məlumatı yoxlayıb. Petrozavodsk şəhərindəki Qutkin adına «Doğum evi»Nin qadın məsləhətxanasında olayın baş verdiyi təsdiqlənib.
İki həftə öncə iki aylıq hamilə Nigar Tabarova həkim-ginekoloq Arina Sadvonikovanın qəbuluna yazılıb. O, hamilə xanımı qəbul etmək istəmədiyini bildirib. Ancaq rəhbərlik məsələyə qarışdıqdan sonra həkim xəstəni müayinə etmək məcburiyyətində qalıb.
Zərərçəkən bildirib ki, həkimin ona mənfi münasibəti onun dini inancı və baş örtüyü ilə bağlıdır: «O, dedi ki, mən yəhudiyəm. Mənim dini inancım müsəlmanı qəbul etməyə imkan vermir. Həkim yaylıqda olan başqa qadınları da qəbul etməyəcəyini söylədi: «Bundan sonra mənim qəbuluma yazılmayın»».
Tabarova məsələ ilə bağlı prokurorluğa, Rusiya nəzarət –təftiş qurumuna və Kareliya insan hüquqları komitəsinə şikayət edib.
Klinikanın rəhbərliyi və Kareliya Səhiyyə Nazirliyi Nigar Tabarovadan baş verənlərlə bağlı üzr istəyib.
«Həkimə töhmət verilib. Belə olayın baş verməyəcəyinə əminik. Bir daha xəstədən və hissələrinə toxunulmuş vətəndaşlardan üzr istəyirik» -deyə, qadın məsləhətxanasının baş həkimi Yevgeni Tuçin bildirib.