Sosial şəbəkələrdə Çeçenistan rəhbəri Ramzan Kadırovun ermənilərlə bağlı fikirləri yayılıb.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yayılan videogörüntüdə Ramzan Kadırov hökumətinin iclasında çeçen müğənni Xedi Xamzatovanı erməni ilə evlənməkdən necə xilas etməsindən danışır.
Ramzan Kadırov çeçen dilində deyir ki, Xedi Xamzatovaya “Eurovision” Mahnı Müsabiqəsində iştirak vəd olunub, erməniyə ərə getməsi üçün İrəvana aparılıb. Ramzan Kadırov bu istedadlı çeçen müğənnisi üçün böyük məbləğdə pul xərclədiyini də söyləyir: “Mən Xedi Xamzatova üçün solo konsert təşkil etdim. Bir yaxşı konsertin təşkil olunması üçün 10 milyon rubl lazımdır. Xedi Xamzatova nə etdi? Erməni Xedi Xamzatovaya onu “Eurovision” Mahnı Müsabiqəsinə aparacağını vəd edib. Xedi də ərə getmək üçün onunla Ermənistana gedib. Biz müğənninin arxasınca getdik. Hesab etdik ki, əgər çeçen qız, əməkdar aktrisa erməniyə ərə gedirsə, bu, bizim üçün biabırçılıq, xəcalətdir. Bu işi Adama tapşırdım, təyyarə göndərdim. On dəfə Xedi Xamzatovanın arxasınca getdik. Ermənistan prezidenti ilə razılaşıb, atası və anasını da götürüb İrəvana getdik ki, Xedi Xamzatovanı evə gətirək”.