Belarusda inanılmaz olay yaşanıb. Lent.az-ın “SkyNews” telekanalına istinadən verdiyi məlumata görə, iti dişləri ilə ağacları belə devirə bilən qunduz Belarusda adam öldürüb.
Hadisə bir balıqçı iki dostu ilə birlikdə Şestakov gölündə balıq tutarkən baş verib. Balıq ovu zamanı həmin şəxs fotoaparatla göldə gördüyü bir qunduzun şəklini çəkmək istəyib.
Həmin an qunduz balıqçıya hücum çəkib, bir çox yerindən dişləyib və ayağındakı arterial damarı qoparıb. Dostları balıqçını xəstəxanaya yetişdirməyə çalışsalar da, o, yolda qan itkisindən həyatını itirib.
Qeyd edək ki, qunduzun adam öldürməsi faktına ilk dəfə rast gəlinsə də, qunduzların insanlara hücumu ilk dəfə deyil. Məsələn, elə Belarusda 2003-cü ildə bir fermada bir qunduzu qovmağa çalışan iki kişi qunduzun hücumuna məruz qalıb. Keçən il isə Rusiyanın Tver bölgəsində qunduz bir nəfərə hücum edərək onu yaralayıb. Elə həmin il ABŞ-ın Virciniya ştatında bir göldə üzən iki qıza qunduz hücum çəkərək onları ağır yaralayıb.