Misir ordusu prezident Məhəmməd Mursinin postunu tərk etməkdən imtina etməsinə cavab verib.
Lent.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Misir Silahlı Qüvvələrinin Ali Hərbi Şurası bəyan edib ki, Misir xalqını terrorçulardan, radikallardan və axmaqlardan qorumaq üçün ölümə hazırdırlar.
Ali Hərbi Şuranın bəyanatında vurğulanır ki, Misir xalqının qorxudulduğunu görməkdənsə hərbçilər üçün ləyaqətli ölüm daha üstündür.
“Əl-Əhram” agentliyi isə bu gün səhər saatlarından başlayaraq ordu bölmələrinin və polis qüvvələrinin aksiyaçıları qorumaq üçün “Təhrir” meydanının mühafizəsini gücləndirdiyi barədə xəbər yayıb. Meydana gələn bütün küçə və körpülərə hərbçilər və polislər yerləşdirilib.
Qeyd edək ki, ordu rəhbərliyi və müxalifət prezident Məhəmməd Mürsiyə ölkədəki böhranın aradan qaldırılması üçün 48 saat vaxt verib və həmin müddət bu gün başa çatır. Məhəmməd Mursi isə ölkədə baş verən iğtişaşlarda sabiq prezident Hüsnü Mübarəkin tərəfdarlarını günahlandırıb. Telekanalda canlı yayımda çıxış edən Məhəmməd Mursi deyib ki, qanuni seçilmiş prezidentdir və postunu tərk etmək niyyətində deyil. Müxalifət isə prezidentin çıxışını vətəndaş müharibəsi yaratmaq cəhdi kimi qiymətləndirib.