Neftin qiymətinin 70 dollardan aşağı düşəcəyi təqdirdə Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) hasilatı azalda bilər. Lent.az-ın verdiyi xəbərə görə, bu barədə APA “İTAR TASS”a istinadən məlumat yayıb. Məlumata görə, bu barədə The Wall Street Journal nəşrinin məlumatında bildirilir.
“Neftin qiymətinin 70 dollardan aşağı düşəcəyi təqdirdə OPEC-də çaxnaşma baş verəcək. Biz neftin qiymətinin 100 dollar civarında olmasına vərdiş etmişik”, deyə təşkilatın nümayəndəsi nəşrə bildirib.
Qeyd edək ki, OPEC noyabrın 27-də Vyanada nazirlər səviyyəsində toplantı keçirəcək. Təşkilat son bir neçə ay ərzində neftin 25 faiz ucuzlaşmasına dair hələlik konkret mövqe bildirməyib.
The Wall Street Journal qeyd edir ki, neftin qiymətinin 70 dollara düşməsi OPEC-ə üzv olan bəzi dövlətlərin büdcəsinə ciddi təsir edəcək. Belə ki, Deutsche Bank-ın hesablamalarına görə, Venesuelanın 2015-ci ilin büdcəsinin təmin olunması üçün neftin qiyməti 117,5 dollar təşkil etməlidir.
Qeyd edək ki, Brent markalı neftin bir barelinin qiyməti hazırda təxminən 83 dollardır.