Misir ordusunun rəhbərliyi devrilmiş prezident Məhəmməd Mursinin postuna bərpa edilməsi tələbi ilə kütləvi aksiyalar keçirən Müsəlman Qardaşları Hərəkatına qarşı növbəti addım atmağa hazırlaşır.
Lent.az-ın verdiyi məlumata görə, Misirin “Al-Vatan” qəzeti Misir Daxili İşlər Nazirliyinin Müsəlman Qardaşları Hərəkatının terrorçu təşkilatlar siyahısına salmağa hazırlaşdığını yazıb.
Misir hüquq-mühafizə orqanları ordu rəhbərliyinin göstərişi ilə hazırda Müsəlman Qardaşları Hərəkatı və onun liderləri haqqında məlumat toplayır. Hərəkatı terrorçu təşkilatlar siyahısına daxil etmək üçün Respublika Qvardiyasının qərargahı qarşısındakı son qanlı hadisəyə xüsusi diqqət ayrılır. Həmin vaxt hərbçilərin açdığı atəş nəticəsində 55 nəfər aksiyaçı həyatını itirib. Ordu rəhbərliyi qanlı olayda Müsəlman Qardaşları Hərəkatını günahlandırır, aksiyaçıların qərargaha hücum etdiyini, Hərəkat isə əsgərlərin sübh namazı qılan aksiyaçıları atəşə tutduğunu bildirir.