Misirdə toqquşmalar səngimir.
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, dünən Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin minlərlə tərəfdarı küçələrə çıxıb.
Aksiyaçılar Misir ordusunun Məhəmməd Mursini dəstəkləyən Müsəlman Qardaşları Hərəkatının liderlərinin təslim olması və ölkəni tərk etməsi ilə bağlı xəbərdarlığına etiraz ediblər. Kütlə “Əsgər, yerin siyasət deyil!” şüarı səsləndirib. Qahirənin şimal-şərqindəki Ədəviyyə meydanı Məhəmməd Musi tərəfdarlarının əsas müqavimət ocağı olaraq qalır. Meydanın ətrafı qum dolu kisələr və kərpiclərlə əhatə olunub. Qahirədə təhlükəsizlik qüvvələri aksiyalara müdaxilə etməsələr də, Fayom əyalətində polis minlərlə Məhəmməd Mursi tərəfdarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Toqquşmalar nəticəsində 7 aksiya iştirakçısı və 5 polis yaralanıb. Qarbiya əyalətində isə hərbi baza yaxınlığında təhlükəsizlik qüvvələrinin aksiyaya müdaxiləsi 4 nəfərin yaralanmasına səbəb olub. Məhəmməd Mursinin 13 tərəfdarı həbs edilib.
Qeyd edək ki, Məhəmməd Mursinin devrilməsindən sonra baş verən olaylar nəticəsində 300 nəfər ölüb. Aksiyaların təşkilatçısı olan Müsəlman Qardaşları Hərəkatı Məhəmməd Mursinin prezident postuna qaytarılmasını tələb edir.