Bu gün Mozambikin paytaxtı Maputodan Anqolanın paytaxtı Luandaya uçan sərnişin təyyarəsi qəzaya uğrayıb.
APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Namibiya səmasında radarlardan itən təyyarənin qəzaya uğradığı yer aşkarlanıb.
Namibiya Polisinin rəis müavini Billi Bempton “Mozambique Airlines” aviaşirkətinə məxsus təyyarənin qalıqlarının Anqola və Botsvana sərhədləri yaxınlığındakı milli təbiət parkında aşkarlandığını bildirib. Onun sözlərinə görə, təyyarə kül olana qədər yanıb, sağ qalan yoxdur.
“Mozambique Airlines” aviaşirkəti ölənlərin hansı ölkələrin vətəndaşları olduğunu hələ açıqlamayıb. Təyyarədə 28 sərnişin və 6 heyət üzvü olub.