Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının Moskva, Sankt-Peterburq və Nijnı Novqoroddan olan həmkarları ilə keçirdikləri birgə əməliyyat nəticəsində zərgərlik mağazalarında soyğunçuluq törətməkdə günahlandırılan azərbaycanlılardan ibarət dəstənin üzvləri yaxalanıb. APA-nın Rusiya DİN-in saytına istinadən verdiyi məlumata görə, dəstə Mərkəz, Şimal-Qərb və Privoljsk federal dairələrinin ərazisində fəaliyyət göstərib. Mağazalara hücumlar zamanı onlar odlu silahdan istifadə ediblər.
Dəstə üzvləri tez-tez yaşadıqları ünvanı və telefonlarını dəyişərək konspirativ həyat tərzi keçirirmiş. Təkcə Sankt-Peterburqda onlar 10-dan çox mağazaya basqın ediblər. Operativ-axtarış tədbirləri nəticəsində dəstə üzvləri Moskva Mərkəzi İnzibati Dairəsində yaxalanıblar. Dəstənin yaşları 25-29 arası olan 4 Azərbaycan vətəndaşı və 26 yaşlı peterburqlu qadından ibarət olduğu müəyyənləşib. Onların üzərində “Makarov” tapançası tapılıb və yaşadıqları ünvanlarda aparılan axtarışlar zamanı 1,5 kiloqram zərgərlik məmulatları aşkarlanaraq götürülüb. Fakt üzrə soyğunçuluq maddəsi ilə cinayət işi qaldırılıb.