Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib ki, 2008-ci ilin avqust ayında baş vermiş Rusiya-Gürcüstan münaqişəsi zamanı ABŞ Türkiyədəki hava qüvvələrini tam döyüş vəziyyətinə gətirib, Amerika Hərbi Dəniz Qüvvələrinin qanadlı raketlər ilə silahlanmış gəmiləri isə Gürcüstan sahillərinə doğru istiqamət götürüblər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Mixail Saakaşvili bunu Ukraynanın “ZİK” telekanalına müsahibəsində bəyan edib.
Saakaşvilinin sözlərinə görə, gəmilərdə olan silah barədə onu ABŞ-ın vitse-prezidenti Dik Çeyni məlumatlandırıb.
"ABŞ-ın 6-cı donanması Gürcüstan sahillərinə doğru irəliləyərkən, donanmanın qanadlı raketlərlə silahlanmış flaqman gəmisi hətta Bosfor boğazını da keçib. Vitse-prezident Çeyni o zaman mənə açıq-aydın dedi: "Sən ki anlayırsan, biz içməli su gətirməmişik – bu daha ciddi yükdür", deyə Mixail Saakaşvili vurğulayıb.
Gürcüstan prezidentinin sözlərinə görə, Corc Buş Vaşinqtona döndükdən sonra ABŞ-ın Türkiyədəki hava qüvvələri tam döyüş vəziyyətinə gətirilib, bundan başqa, Amerikanın Rumıniyadakı bazasına əlavə təyyarələr cəlb olunmuşdu.