Misirdə iğtişaşlar davam edir.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, axşam saatlarında Misir müdafiə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əbdül Fəttah əl-Sisinin Məhəmməd Mursinin artıq prezident olmadığını elan etməsindən sonra prezident tərəfdarları küçəyə çıxıb.
Ordu 100 minə yaxın Məhəmməd Mursi tərəfdarlarının toplandığı ərazini mühasirəyə alsa da, indiyə qədər kütləni dağıtmaq mümkün olmayıb. Məhəmməd Mursini dəstəkləyən “Müsəlman Qardaşları” Hərəkatının əli dəyənəkli mühafizə qüvvələri də kütlənin ətrafında çəmbər yaradıb. Kütlə “Əbdül Fəttah əl-Sisinin bəyanatı qanunsuzdur, İslam gəlir, meydanı tərk etməyəcəyik!” şüarı səsləndirir.
Bu arada sələfi yönümlü Nur Partiyasının baş katibi Celal Merre Əbdül Fəttah əl-Sisinin açıqlamalarını Misiri xaosdan qurtarmaq və qan tökülməsinin qarşısını almaq üçün dəstəklədiklərini bildirib.
Ordunun Məhəmməd Mursinin yerinə müvəqqəti prezident postuna gətirdiyi Konstitusiya Məhkəməsinin sədri Adil Mansurun bu gün and içərək vəzifəsinin icrasına başlaması gözlənilir. Adil Mansur xristiandır və bununla da 1400 il sonra ilk dəfə Misirdə xristian dövlət başçısı olacaq. Adil Mansuru Konstitusiya Məhkəməsinin sədri təyin edən isə dünən hərbi çevrilişlə postundan uzaqlaşdırılan Məhəmməd Mursi olub. Haqqında çox məhdud bilginin olduğu 68 yaşlı Adil Mansur 1970-ci illərdə prezidentin məsləhətçisi olub, 1992-ci ildə Konstitusiya Məhkəməsinin hakimi təyin olunub, Konstitusiya Məhkəməsinin ən təcrübəli hakimlərindən biridir. O, bu ilin may ayında Məhəmməd Mursi tərəfindən Konstitusiya Məhkəməsinin sədri təyin edilib, iyunun 1-də səlahiyyətlərinin icrasına başlayıb.
Beləliklə, Məhəmməd Mursini hərbi çevriliş təhlükəsi ilə əlaqədar ordu rəhbərliyinə gətirdiyi Əbdül Fəttah əl-Sisi devirdi, yerinə isə xristian olmasına baxmayaraq, cəsarətli addım ataraq Konstitusiya Məhkəməsinin sədri təyin etdiyi Adil Mansur gəlir...