Misirdə çevriliş Konstitusiyasında şəriət ilk maddə oldu!
10 iyul 2013 14:41 (UTC +04:00)

Misirdə çevriliş Konstitusiyasında şəriət ilk maddə oldu!

Misir ordusunun Məhəmməd Mursini devirib müvəqqəti prezident təyin etdiyi Adil Mansur təqdim etdiyi 33 maddəlik keçid Konstitusiyasında bir çox sürprizlərin yer aldığı üzə çıxıb.

 

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, loyal islamçılar sayılan Müsəlman Qardaşları Hərəkatının siyasi səhnədən sıxışdırılmağa çalışıldığı bir dönəmdə radikal sələfilərə (vəhhabilər) ciddi güzəştlərə gedilib.

 

Keçid Konstitusiyasına əsasən, 10 gənc və qadın da daxil olmaqla, toplumun bütün kəsimlərinin nümayəndələrinin yer aldığı 50 nəfərlik komissiya yaradılacaq. Bu komissiya 60 gün ərzində keçid Konstitusiyası əsasında yeni Konstitusiya layihəsinin yekun variantını hazırlayacaq. Konstitusiya layihəsi sonrakı 30 gün ərzində referenduma çıxarılacaq. Daha sonra 60 gün ərzində parlament seçkiləri keçiriləcək. Prezident seçkisi də daxil olmaqla, bütün keçid dönəmi 9 ay ərzində tamamlanacaq. Bu dönəmdə qanunvericilik səlahiyyəti müvəqqəti prezidentə məxsus olacaq.

Hərbi çevrilişi ilk mərhələdə dəstəkləyən, ordunun açdığı atəş nəticəsində 52 nəfərin öldürülməsindən sonra hərbi hakimiyyətlə əməkdaşlıqdan imtina edən, baş nazirliyə namizədlərdən ikisinin bu posta təyinatını əngəlləyən sələfilərin Nur Partiyasının mövqeyi keçid Konstitusiyasında nəzərə alınıb. Başqa sözlə, keçid Konstitusiyasının birinci maddəsində şəriətin Misirdə qanunvericiliyin əsasını təşkil etdiyi qeyd olunub. Bu isə diqqət çəkməyə bilməz. Çünki Məhmməd Mursi dönəmində – 2012-ci ildə hazırlanan Konstitusiyanın 219-cu maddəsində şəriətin qanunvericiliyin əsasını təşkil etməsinin yazılması Misirdə liberal kəsimlərin ən çox narazılığına səbəb olmuşdu. İndi isə həmin maddə keçid Konstitusiyasında birinci maddə kimi yer alıb.

Məhəmməd Mursi dönəmindəki Konstitusiyada olduğu kimi Nur Partiyası keçid Konstitusiyasında da din azadlığını 3 ilahi din (islam, xristianlıq və yəhudilik) ilə məhdudlaşdırmağa da nail olub. Ancaq Məhəmməd Mursi dönəmində Əl-Əzhər Universitetinin din alimlərinə verilən məsləhətçi tatusu yeni laihədə əksini tapmayıb. Bu da təsadüfi sayılmır, çünki  Əl Əzhər Universitetinin bir çox din xadimləri hərbi çevrilişi qınayıblar.

 

Müsəlman Qardaşları Hərəkatı keçid Konstitusiyasını rədd edir, müxalifətin əsas hərəkətverici qüvvəsi sayılan Təmərrüd (Üsyan) Hərəkatının gənc liderləri isə keçid Konstitusiyasından xəbərsiz olduqlarını, layihə hazırlanarkən onlarla məsləhətləşilmədiyini, təəccübləndiklərini bildiriblər. Sələfilər isə hələ ki, susurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 803
avatar

Oxşar yazılar