Misirdə devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları meydanlardan çəkilmirlər.
Lent.az-ın dünya KİV-ə istinadən verdiyi məlumata görə, milyonlarla Mursi tərəfdarı paytaxt Qahirədəki Adeviyye meydanına və Prezident Sarayı qarşısına toplaşıb. Bu gün səhər saatlarında devrilmiş prezidentin tərəfdarları atəşlə qarşılanıb, qarşıdurma zamanı 34 aksiyaçı öldürülüb, onlarla yaralı var. Ancaq müxtəlif şəhərlərdə küçələrə çıxan Məhəmməd Mursi tərəfdarlarına atəş açılmasından imtina edən generalların olduğu xəbərləri yayılır.
Ordu isə bir zabitin öldürüldüyü, 40 əsgərin yaralandığı barədə məlumat ayıb.
Qərb üçün arzuedilməz sürpriz
Bu arada Misirdə baş nazir təyinatı hələ də mümkün olmayıb. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin sabiq rəhbəri Məhəmməd əl-Baradeyinin namizədliyi siyasi partiyaların etirazları ilə qarşılanıb. Prezident Sarayının mətbuat xidməti Məhəmməd əl-Baradeyinin vitse-prezident postuna gətiriləcəyini bildirib. Baş nazir postuna isə sosial-demokrat Ziyad Bahaddinin təyin olunmasının müzakirə edildiyi açıqlanıb.
Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyerin açıqlamasından sonra çevrilişdən öncə ABŞ və Böyük Britaniya rəsmiləri ilə danışıqlar apardığı üzə çıxan Məhəmməd əl-Baradeyinin baş nazir postuna gətirilməsinin mümkün olmaması Qərbin Misirdə ilk ciddi məğlubiyyəti də sayılır. Digər tərəfdən, artıq Məhəmməd Mursini dəstəkləyənlər arasında tək Müsəlman Qardaşları Hərəkatının üzvləri deyil, liberal yönümlü qüvvələr də yer almağa başlayır. Liberal yönümlü qüvvələr arasında müşahidə olunan parçalanma, eyni zamanda Məhəmməd Mursinin ordu tərəfindən devrilməsinə dəstək vermiş Səudiyyə Ərəbistanında hakimiyyətə qarşı etirazlar da Qərb üçün gözlənilməz sürprizdir.
Sələfi yönümlü Nur Partiyası isə ölkədə yaranmış böhrandan çıxış yolu üçün vasitəçilik missiyasını yerinə yetirəcəyini bəyan edib. Partiyanın baş katibi, Məhəmməd Mursinin sabiq məsləhətçisi Halid Alimuddin deyib ki, Məhəmməd Mursinin təkrar prezident postuna qayıtması mümkün deyil və Müsəlman Qardaşları Hərəkatı (İhvan) da bu gerçəkliyi qəbul etməlidir. O, hər nə olursa olsun, İhvanın siyasi qanadı olan Azadlıq və Ədalət Partiyasının prosesdən kənarda qalmamasının zəruri olduğunu vurğulayıb. Halid Alimuddin ordunun Məhəmməd Mursi tərəfdarlarına atəş açmasının da yolverilməz olduğunu söyləyib.
Mursini gözdən salmaq cəhdi
Tək Misirdə deyil, ərəb dünyasında da populyarlığı artmaqda olan Məhəmməd Mursini gözdən salma kampaniyasına start verilib. Məsələn, “New York Times” qəzeti yazıb ki, Məhəmməd Mursi Təhrir meydanında 3 gün davam edən etiraz aksiyalarını dəyərləndirmək üçün çərşənbə axşamı axşama doğur İhvan rəhbərliyində yer alan şəxsləri Prezident Sarayına çağırır. Həmin vaxt generalların 4 saat sürən toplantısına qatılmağı rədd etmiş Məhəmməd Mursi telekanalda Təhrirdə toplaşan yüz minlərlə insanı izləyib və yardımçısına deyir ki, bu aksiyalar zirvə nöqtəsi deyil, nə vaxt onun qanı yerə axsa, zirvə nöqtəsi o zaman olacaq. Məhəmməd Mursi daha sonra peyk görüntüləri və cib telefonları ilə gələn mesajlara baxır, Qahirənin Adeviyye meydanında toplaşan tərəfdarlarının daha çox olduğu qənaətinə gəlir. Özünə inamı daha da artan Məhəmməd Mursiyə o an ərəb ölkələrindən birinin xarici işlər naziri zəng açır. Məhəmməd Mursiyə ABŞ-ın mesajını çatdıran həmin nazir Vaşinqtonun baş naziri və nazirləri dəyişib-dəyişməyəcəyini soruşur.
Məhəmməd Mursi ABŞ-ın təklifi ilə razılaşmır və prezidentin xarici siyasət məsələləri üzrə baş məsləhətçisi İssam əl-Haddad ABŞ-ın Misirdəki səfiri Anne Pattersonu aramaq üçün otaqdan çıxır. İssam əl-Haddad otağa dönəndə deyir ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Susan Rice ilə əlaqə saxlayıb və o, Misirdə hərbi çevrilişin başlayacağını bildirib. Saat 17:00 radələrində otağın qapısı açılır və Abdülfettah El Sisi ilə bərabər 2 general otağa daxil olaraq onu vəzifəsindən uzaqlaşdırdıqlarını bildirirlər. Məhəmməd Mursi ucadan gülərək deyir ki, bu, çevrilişdir, qəbul edilə bilməz. Məhəmməd Mursinin məsləhətçisi Pakinam əl-Şarkavi də qışqıraraq generallara hərəkətlərinin qanunsuz olduğunu söyləyir. Daha sonra Məhəmməd Mursi həbs edilib-edilməyəcəyini soruşur. Müdafiə naziri Abdülfettah El Sisi isə Məhəmməd Mursiyə bu andan ev həbsində olduğunu bildirir. Məhəmməd Mursinin deyir ki, “o halda bunu bir savaşa çevirəcəm və bu savaşı da kimin qazanacağını görəcəksiniz”. Hakimiyyəti 368 gün sürən Məhəmməd Mursiyə Abdülfettah El Sisinin cavabı isə qısa olur: “Xalq qazanacaq...”.
Ancaq milyonlarla Məhəmməd Mursi tərəfdarlarının küçələrə axışdığı bir dönəmdə “New York Times” qəzetində işıq üzü görən bu yazının gerçəkliyi tam əks etdirdiyi də şübhə doğurur və Məhəmməd Mursini gözdən salmağa hesablandığı da sirr deyil. Çünki bundan öncə Misirdə hakimiyyətə bağlı “Əl-Əhram” qəzeti də yazmışdı ki, Məhəmməd Mursi ordu rəhbərliyinin təzyiqlərinə baxmayaraq, prezident postundan istefa verməyəcəyini, xalqın onu dəstəklədiyini bildirib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Suriya kimi Misirin də vətəndaş müharibəsinə sürüklənə biləcəyini bəyan edib.