Dağıstanda jurnalist Əhmədnəbi Əhmədnəbiyev və “Dağlı” döyüş klubunun baş məşqçisi Musail Alaudinov öldürülüb.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında Mahaçqalada “Novoye delo” jurnalının jurnalisti Əhmədnəbi Əhmədnəbiyev qətlə yetirilib.
Əhmədnəbi Əhmədnəbiyev Səməndər qəsəbəsindən avtomobili ilə hərəkət edən zaman naməlum şəxs onu atəşə tutub. Çoxlu güllə yarası alan jurnalist həyatını itirib. Əhmədnəbi Əhmədnəbiyevin peşəkar fəaliyyəti ilə əlaqədar öldürüldüyü ehtimal edilir. Həm də bu, jurnalistə qarşı ikinci sui-qəsddir. Bu il yanvarın 11-də Əhmədnəbi Əhmədnəbiyev Səməndər qəsəbəsində evi yaxınlığında avtomobilinə əyləşərkən atəşə tutulub. Xoşbəxtlikdən həmin vaxt 4 güllə ondan yan keçib. Cinayət işi açılsa da, atəş açan şəxsi tapmaq mümkün olmayıb. Əhmədnəbi Əhmədnəbiyev dəfələrlə bəyan edib ki, onun telefonuna hədələyici xarakterli mesajlar göndərilir.
Musail Alaudinovun cəsədi isə bu gecə Mahaçqala-Kaspiysk şosesində dövlət nömrə nişansız “Toyota Kamri” avtomobilində tapılıb. Musail Alaudinov güllələnib. Musail Alaudinovun baş məşqçisi olduğu “Dağlı” klubu Rusiyada təkbətək əlbəyaxa döyüşçü hazırlığı üzrə ən aparıcı mərkəzlərdən biri sayılır. Musail Alaudinov döyüş sambosu üzrə dünya çempionatının gümüş mükafatçısı, ponkartion üzrə ilk Rusiya çempionatının çempionu, miksfayt üzrə dünya kubokunun sahibidir.