İran prezidenti Həsən Ruhani Məsumə Ebtekarı vitse-prezident təyin edib.
Lent.az-ın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, alim, jurnalist və siyasətçi Məsumə Ebtekar Məhəmməd Hatəminin prezidentliyi dönəmində İranın ilk qadın vitse-prezidenti olub.
Həsən Ruhaninin təyinatına qədər Tehranda fəaliyyət göstərən Dünya və Ətraf Mühit Mərkəzinin direktoru vəzifəsini tutan Məsumə Ebtekar 1979-cu il noyabrın 4-də tələbələrin ABŞ-ın Tehrandakı səfirliyinə hücumu zamanı da diqqət mərkəzində olub. Valideynləri ilə bir neçə il ABŞ-da yaşadığı üçün ingilis dilini yaxşı bilən Məsumə Ebtekar həmin vaxt amerikalıları girov saxlayan tələbələrin bir növ mətbuat katibi funksiyasını yerinə yetirib, tələbələrin tələblərini Amerika telekanallarına açıqlayıb.
Həsən Ruhani keçmiş müdafiə naziri admiral Əli Şamxanini isə Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri təyin edib.