İranda etiraz aksiyası: onlarla adam həbs edilib
16 avqust 2013 09:49 (UTC +04:00)

İranda etiraz aksiyası: onlarla adam həbs edilib

İranın Zəncan şəhərində növbəti etiraz aksiyası keçirilib.


 

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, avqustun 15-i saat 19:00-da minlərlə insan Zəncan şəhərindəki “Yaşıl” meydanda məscidin qarşısına toplaşıb.

 

İran təhlükəsizlik qüvvələri aksiyanın qarşısını almaq üçün xeyli səy göstəriblər. Onlar Zəncan şəhərindəki azərbaycanlı fəalların evlərinə zəng edərək mitinqə qatılacaqları təqdirdə həbs ediləcəkləri ilə hədələyiblər. İran təhlükəsizlik qüvvələri onlara aksiyanın qeyri-qanuni olduğunu bildiriblər.

 

Bununla belə aksiya keçirilib. Aksiyada baş verən toqquşma zamanı onlarla adam həbs edilib, polislər fəal nümayişçilərin şəkillərini və videolarını çəkiblər. 

 

Qeyd edək ki, Zəncan sakinləri şəhərdə fəaliyyət göstərən iki müəssisənin - Sink və Qurğuşun zavodlarının fəaliyyətinin dayandırılmasını tələb edirlər. Onlar hər iki zavodun ətraf-mühitə ziyan vurduğunu, xərçəng və digər müxtəlif xəstəliklərə səbəb olduğunu hesab edirlər. Ancaq Zəncan valisi hər iki zavodun 25 ildir fəaliyyət göstərdiyini və həmin müəssisələrin dayandırılmasının onun əlində olmadığını söyləyib. Onlar ötən aksiyada “Hər iki zavod bağlanmalıdır!”, “Biz xərçəng xəstəliyinə tutulmaq istəmirik!”, “Qurğuşun və sink istəmirik!”, “Təmiz hava almaq hamımızın haqqıdır!” və s. şüarlar səsləndirərək hər iki zavod bağlanmayanadək etirazlarını davam etdirəcəklərini bildiriblər.

 

Bundan sonra Zəncan vilayətinin ətraf mühit idarəsinin rəhbəri Əmir Məhdəvian zavodların şəhərdən 7 kilometr uzağa köçürülməsi və ya bağlanması üçün sahibkarlara bir ay möhlət verib. Ancaq yerli sakinlər artıq verilən vədlərə inanmırlar.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 940
avatar

Oxşar yazılar