Noyabrın 22-də Avropa Birliyinin ali komissarı Ketrin Eştonla İranın xarici işlər naziri Məhəmmədcavad zərif arasında ikitərəfli formatda görüş olub.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu, Tehranın atom-nüvə problemi üzrə «altılıq»la İran arasında keçirilən danışıqlar çərçivəsində məşvərt xarakterlidir.
Bir müdət öncə İran nümayəndə heyətinə istinadən danışıqların şənbə günü də davam edəcəyi haqda xəbər yayılmışdı.
Xatırladaq ki, Məhəmmədcavad Zərif noyabrın 22-də jurnalistlərə açıqlamasında tərəflər arasında ixtilaf mövzusu olan bir neçə məsələ haqda müzakirələr getdiyini bildirib.
O, deyib ki, danışıqlarda inkişaf əldə olunacağına «nikbin» yanaşır: «Ancaq bu məsələ 5+1 qrupunun (ABŞ, Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) danışıqlara nə qədər ciddi iradəli qatılmasından asılıdır. Biz bildiririk ki, uranın zənginləşdirilməsi ilə bağlı fəaliyyətin dayandırılması haqda söhbət gedə bilməz. Bu sahədəki fəaliyyətimizi öz torpağımızda davam etdirəcəyik. Qərbdən də istəyirik ki, bizim bu hüququmuza hörmətlə yanaşsın. İranın uranı zənginləşdirməsi ilə bağlı hüququ tanınmadan problemin çözülməsinə heç bir yol tapılmayacaq.
Daha doğrusu, nə qədər ki, bütün məsələlər barədə razılığa gəlməsək, bu o deməkdir ki, biz heç bir şey haqqında razılıq əldə etməmişik. Hazırda öz həllini tapmayan üç-dörd məsələ barədə müzakirələr davam etdirir».