SARS epidemiyası yayılır, ölənlərin sayı 34-ə çatdı
Səudiyyə Ərəbistanında SARS (“Corona” virusunun yaratdığı, nəfəs almanı ağırlaşdıran xəstəlik) epidemiyası tüğyan edir.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi bu gün SARS xəstəliyindən 32 yaşlı bir kişinin də həyatını itirdiyini və ölənlərin sayının 34 nəfərə çatdığını açıqlayıb.
SARS xəstəliyinə yoluxma hallarına Səudiyyə Ərəbistanının Ahsa bölgəsi başda olmaqla, Bise, Riyad, Kasım və Taif bölgələrində də rast gəlinib. “Corona” virusunun yol açdığı xəstəlik 2003-cü ildə Asiya qitəsində 800 nəfərdən çox insanın ölümünə səbəb olub. Bu səbəbdən də SARS xəstəliyi həcc ziyarəti zamanı zəvvarlar üçün ciddi təhlükə mənbəyi sayılır. Buna baxmayaraq, bu gün Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyinin sözçüsü Halid Mergalani zəvvarlar arasında bu xəstəliyinin yayılmasının qarşısını almaq üçün hər cür tədbirlər gördüklərini bəyan edib.
Xatırladaq ki, ötən həftə Səudiyyə Ərəbistanı Məkkədəki Əl-Həram məscidinin bərpası ilə bağlı həcc ziyarəti ilə əlaqədar xarici ölkələrə ayrılan kvotanın 20 faiz, ölkə əhalisi üçün ayrılan kvotanın isə 50 faiz azaldıldığını bəyan etmişdi.