İyulun 24-də Gürcüstanın müdafiə naziri İrakli Alasaniya hərbi sahədə çalışan alimlərlə görüşüb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə iştirak edən alimlər müdafiə sahəsində apardıqları araşdırmalar barədə ətraflı məlumat verib və mövcud təhlükəsizlik problemləri və qarşıda duran aktual məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Tədbirdə hərbi strategiya, operativ idarəetmə, müdafiə və döyüş əməliyyatı üçün mühəndis hazırlığı və dəstəyi, hərbi sistem və hərbi coğrafiya və digər məsələlərə baxılıb
Müdafiə naziri İ. Alasaniya hərb elminin əhəmiyyəti barədə fikirlərini söyləyib və hərbi-texniki tədqiqat sahəsində araşdırmaları praktik cəhətdən həyata keçirilməyin vacibliyini vurğulayıb. Nazir Gürcüstanın Milli Elmlər Akademiyası, Gürcüstan Texniki Universiteti və digər akademik institutların müdafiə nazirliyi ilə əməkdaşlığının əhəmiyyətinə də toxunub. Alasaniya belə görüşlərin müntəzəm olaraq davam edəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə Gürcüstan Silahlı Qüvvələrinin birləşmiş qərargah rəisinin müavini, general Vaxtanq Kapanadze və Milli Müdafiə Akademiyasının rektoru Zurab Aqladze iştirak edib.
Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran İrakli Alasaniya Gürcüstanın işğal olunan ərazilərin sərhəd xəttində və işğal olunan bölgələrdə baş verən hər bir vəziyyətə hazır olduqlarını bildirib.