Gürcüstanın cənub-qərbindəki Adıgen rayonunun Çela kəndində bir neçə ay öncə sökülmüş minarə bərpa edilib. Lent.az-ın yerli mətbuata istinadən məlumatına görə, ibadətgahın təkrar quraşdırılmasına bələdiyyə məclisi qərar verib.
Ötən gecə başlanan bərpa işləri bir neçə saat davam edib. Minarənin qaldırılmasına yerli əhali də kömək edib. Proses hüquq-mühafizə orqanlarının nəzarətində olub. Gürcüstanın baş müftisi Camal Paksadze problemin həllinə kömək etdiyi üçün ölkə rəhbərliyinə minnətdarlıq edib. Minarənin quraşdırılması əleyhinə David İsakadze adlı keşiş çıxıb. İsakadze bildirib ki, bu ərazidə gürcülərin əcdadları müsəlmanlarla döyüşlərdə qan töküblər. O, minarənin bərpasını təhqir kimi qiymətləndirib: “Bu gün baş verənlər ikiqat təhqirdir. Fikrimcə, heç bir gürcü bununla razılaşmayacaq. Bu, türk müdaxiləsi, Avropa İttifaqının sifarişidir”.
Qeyd edək ki, Çela kəndində həm xristianlar, həm də müsəlmanlar yaşayırlar. Orada minarə 2013-cü ilin yayında qurulub. Avqustun sonlarında isə hökumətin göstərişi ilə sökülüb. 24 metrlik qurğu polisin nəzarəti altında götürülərək, kənddən çıxarılıb.