Girovluqdan qurtulan alim danışdı
10 sentyabr 2013 18:58 (UTC +04:00)

Girovluqdan qurtulan alim danışdı

“Dəməşqdə kimyəvi silahı müxalifət tətbiq edib”

 

 

Bu gün pul müqabilində girovluqdan azad edilmiş belçikalı alim Pyer Piççinin da Prata avqustda Dəməşqin Quta bölgəsində kimyəvi silahı Suriya müxalifəti sıralarında döyüşən radikal islamçıların tətbiq etdiyini bəyan edib.

 

Lent.az-ın verdiyi məlumata görə, Pyer Piççinin da Prata bunu “RTL-TVİ” telekanalına müsahibəsində söyləyib.

 

Pyer Piççinin da Prata deyib ki, girov saxlandığı dövrdə silahlıların Suriyaya xarici müdaxiləyə yol açılması üçün zəhərli qaz hücumu təşkil etməyə hazırlaşdıqları barədə söhbətini eşidib: “Dəməşqdə kimyəvi silahı müxalifət tətbiq edib. Bu gün bu barədə dünya ictimaiyyətinə məlumat verməyi özümə mənəvi borc sayıram”.

 

Qeyd edək ki, ərəb inqilablarını araşdıran Pyer Piççinin da Prata əvvəllər Suriya müxalifətinə açıq dəstək verməsi ilə tanınıb. 2010-cu ildən başlayaraq Suriyaya 7 dəfə səfər edən Pyer Piççinin da Prata suriyalı müxaliflər tərəfindən iki dəfə girov götürülüb. Birinci dəfə 2012-ci ilin mayında girov götürülən alimin azad edilməsi üçün böyük məbləğdə pul tələb edən müxaliflər istəklərinə nail ola bilməyib və onu azadlığa buraxıblar. Pyer Piççinin da Prata ikinci dəfə bu ilin aprelində Dəməşq ətrafında İtaliyanın “Stampa” qəzetinin müxbiri Domeniko Kuiriko ilə birlikdə  girov götürülüb. Onun sözlərinə görə, girov saxlanılan zaman davamlı olaraq işgəncə ilə üzləşib. Pyer Piççinin da Prata bir dəfə girovluqdan qaçmağa da cəhd göstərib, ancaq səyi nəticəsiz qalıb, müxaliflər ona ağır işgəncə veriblər. Domeniko Kuiriko da ağır işgəncələrə məruz qalıb.

 

Pyer Piççinin da Prata bildirib ki,  Suriyaya istənilən xarici müdaxilə mənasız və əsassızdır: “İndi kimi dəstəkləyəcəklər? Mən həmişə ciddi insanların, keçmiş zabitlərin və fərarilərin daxil olduğu müxalif Suriya Azadlıq Ordusunu dəstəkləmişəm. Biz onların köməyini görmədik, situasiya hazırda Fars körfəzindəki monarxiyaların dəstəklədiyi minlərlə islamçı qrupların nəzarətindədir. İndi orada yalnız cinayətkar dəstələr var. Kimisə dəstəkləmək çox gecdir”.

 

Bu gün girovluqdan azad edilən alimin telekanalın efirindəki çıxışı ABŞ başda olmaqla, Suriyaya hərbi müdaxilə planını gündəmə gətirən Qərb dövlətləri üçün soyuq duş effekti yaradıb. Belçika Xarici İşlər Nazirliyi də Pyer Piççinin da Pratanın açıqlamasına reaksiya verib, alimin söylədiklərinin yoxlanılmasına ehtiyac olduğunu bəyan edib. Yaxın saatlarda Pyer Piççinin da Prata ilə birlikdə pul müqabilində girovluqdan azad edilmiş italiyalı jurnalistin də başlarına gələnlərlə bağlı açıqlamalar verəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 550
avatar

Oxşar yazılar