Gəncədə tanımadığı şəxsin 800 manatını alıb, ona sürücülük vəsiqəsi alacağına vəd verən dələduz saxlanılıb.
Nizami Rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 27 yaşlı Xəyal Carçıyev Ruslan adlı şəxsin onu aldadaraq sürücülük vəsiqəsi düzəltməsi müqabilində ondan 800 manat aldığı barədə polisə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı məlum olub ki, həmin şəxs Rusiya Federasiyasının vətəndaşı, 26 yaşlı Ruslan Babayevdir. R. Babayev X. Carçıyevin etibarından sui-istifadə edərək sürücülük vəsiqəsi düzəltmək adı ilə onun 800 manatını mənimsəyib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.