Eşton Mursi ilə görüşdü
30 iyul 2013 14:33 (UTC +04:00)

Eşton Mursi ilə görüşdü

 

 

Misirin yeni hakimiyyəti devrilmiş prezidentlə razılığa gəlməyə çalışır

 

Avropa Birliyinin ali komissarı Ketrin Eşton Misirdə ordu tərəfindən devrilən və indiyə qədər nəzarətdə saxlanılan ölkənin demokratik yolla seçilmiş ilk prezidenti Məhəmməd Mursi ilə görüşüb.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə,  K. Eşton  Almaza hərbi aeroportundan Məhəmməd Mursinin saxlanıldığı yerə aparılıb.

 

Ali komissar Məhəmməd Mursiyə Misirin yeni hakimiyyətinin çözüm formulunu çatdırıb. Misir hakimiyyəti Misirdə böhranın aradan qaldırılması, ölkənin müxtəlif bölgələrində çevrilişə qarşı keçirilən etiraz aksiyalarının dayandırılması qarşılığında Məhəmməd Mursinin saxlanıldığı yerdən təhlükəsiz azadlığa çıxması və onun barəsində açılan cinayət işlərinin dayandırılmasına zəmanət verir. Eyni zamanda, Məhəmməd Mursini müdafiə edən “Müsəlman Qardaşları” Hərəkatının (İhvan) saxlanılan liderlərinin və üzvlərinin həbsdən azad ediləcəyinə də söz verilib. Məhəmməd Mursinin K. Eştona cavabı açıqlanmır. Misir rəsmiləri də hələ görüşlə bağlı rəsmi məlumat yaymayıb.

 

Qeyd edək ki, K. Eşton ordunun Məhəmməd Mursini devirməsindən sonra bu ölkəyə ikinci dəfədir ki, səfər edir. Avropa Birliyinin rəsmisi bu səfəri zamanı müvəqqəti prezident Adli Mansur, müdafiə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Abdulfettah es-Sisi, “Çevrilişə Yox və Legitimliyə Dəstək” Milli İttifaq Hərəkatı və Nur Partiyasının təmsilçiləri, müxalif Temerrüd (İsyan) Hərəkatının qurucusu Mahmud Bedir ilə də görüşüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 561
avatar

Oxşar yazılar