Ərdoğan hakimiyyəti Mursini müdafiə etdi - YENİLƏNİB
04 iyul 2013 16:47 (UTC +04:00)

Ərdoğan hakimiyyəti Mursini müdafiə etdi - YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu mətbuat konfransı keçirərək Misir prezidenti Məhəmməd Mursinin ordu tərəfindən hakimiyyətdən uzaqlaşdırılmasına münasibət bildirib.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Əhməd Davudoğlu Misir xalqının tarixdə ilk dəfə demokratik seçki ilə Məhəmməd Mursini prezident seçdiyini söyləyib.

Əhməd Davudoğlu bildirib ki, demokratik yolla prezident seçilmiş Məhəmməd Mursinin ordunun müdaxiləsi ilə vəzifəsindən uzaqlaşdırılması yolverilməzdir , bu, Misir inqilabı və demokratik proses baxımından son dərəcə narahatlıq doğurur: “Demokratik prosesə zərbə bütün Misir xalqının, eyni zamanda bütün bölgənin və dünyada sülh üçün səy göstərən bütün qüvvələrin itkisi olacaq. Demokratik sistemlərdə problemlər elə demokratiyanın öz qaydaları çərçivəsində həllini tapmalıdır. Xalqın iradəsi ilə açıq və şəffaf seçkilər zamanı seçilmiş liderlər yalnız və yalnız seçki ilə, yəni xalqın iradəsi ilə vəzifəsindən uzaqlaşdırıla bilər. Səbəb nə olursa olsun, Misirdə seçki ilə hakimiyyətə gələn hökumətin qanunsuz yollarla, həm də hərbi çevrilişlə devrilməsi qəbuledilməzdir. Hərbi çevrilişdən sonra prezident Məhəmməd Mursi və baş nazir daxil olmaqla, siyasətçilərin həbsi, yaxud ev həbsinə məhkum edilmələri yolverilməzdir”.

****

 

16.09

 

Türkiyə hökuməti ordu tərəfindən Misir prezidenti Məhəmməd Mursinin hakimiyyətdən uzaqlaşdırılmasına münasibət bildirib.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, baş nazirin müavini Bəkir Bozdağ deyib ki, demokratiyada iqtidar dəyişikliyinin yeganə yolu seçkidir və seçkidən kənar alternativlə hakimiyyətə gəlmək olmaz.

Bəkir Bozdağ bildirib ki, Misirdə xalqın iradəsi ilə hakimiyyət dəyişikliyi baş verməyib.

 

Qeyd edək ki, dünən hərbi çevriliş baş verməzdən öncə də Misirdəki proseslərlə bağlı Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yaymışdı. Bəyanatda vurğulanırdı ki, bütün demokratik sistemlərdə seçki ilə hakimiyyətə gələnlərin seçki ilə vəzifələrindən ayrılması vacibdir. Bəkir Bozdağın son açıqlaması isə Rəcəb Tayyib Ərdoğan hökumətinin Misirdə hərbi çevrilişə mənfi münasibət bəslədiyini bir daha ortaya qoyur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1310
avatar

Oxşar yazılar