Əhmədinejadın adamına sanksiya
13 aprel 2013 05:09 (UTC +04:00)

Əhmədinejadın adamına sanksiya

 

ABŞ hakimiyyəti İrana yeni sanksiya tətbiq edib.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə,  sanksiya İsveçrədə yerləşən “Naftiran İntertrade” şirkətini hədəfə alıb.

ABŞ-ın Maliyyə Nazirliyi rəsmi açıqlama yayaraq, bu şirkətin qara siyahıda olan İran Milli Neft Şirkətinin idarəçiliyində fəaliyyət göstərdiyini bəyan edib. Sanksiya ABŞ vətəndaşlarına “Naftiran İntertrade” şirkəti ilə işgüzar əlaqə qurmaq yasağını və şirkətin ABŞ yurisdiksiyası altındakı hesablarının dondurulmasını nəzərdə tutur.

“Naftiran İntertrade” şirkətinə və İran Milli Neft Şirkətinə maliyyə dəstəyi verən iş adamı Babək Zəncani, həmçinin Birinci Malayziya İslam Sərmayə Bankı da yeni sanksiyanın təsir dairəsinə düşür.

Maiyyə naziri Devid Koen bildirib ki, beynəlxalq sanksiyalar gücləndiyindən Tehran hakimiyyəti «çirlik pulların yuyulması» texnologiyasına üz tutur. Onun sözlərinə görə, İran neft daşınması və pulların ödənilməsi üçün uydurma adlardan istifadə edir.

Yeri gəlmişkən adı sanksiyada hallanan iranlı iş adamı Babək Zəncani prezident Mahmud Əhmədinejad hökumətinin yaxın adamıdır.

İran hakimiyyətinə yaxın bir sıra informasiya vasitələri, o cümlədən “Baztab” saytı son günlər Babək Zəncaninin hakimiyyət daxilindəki neft mafiyası ilə əlaqədə olduğunu, gizli sövdələşmələr nəticəsində qısa müddətdə milyardlara yiyələndiyini yazıb.

ABŞ-ın Maliyyə Nazirliyi Babək Zəncaniyə aprelin 11-də sanksiya qoyub. Bəyanatda bildirilib ki, Babək Zəncani Malayziya bankının və beynəlxalq bir şəbəkənin əməkdaşlığı ilə neft satışından əldə edilmiş milyardlarla dolların qanunsuz yollarla İrana köçürülməsi işində fəaliyyət göstərib: “Bu sanksiya kütləvi silahların yayılmasının qarşısının qalınması ilə bağlı qanuna görə qəbul edilib. Sanksiyalar artdıqca İran çirkli pulların yuyulması istiqamətində cinayətkar mexanizmlər və taktikalara üz tutub”.

# 538
avatar

Oxşar yazılar