Müxalif Suriya Azadlıq Ordusu Dəməşqə geniş miqyaslı hücuma başlayıb.
Lent.az-ın “Al-Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Dəməşqin girişlərində son günlərin ən qanlı döyüşləri gedir.
Prezident Bəşər Əsədə sadiq ordu bölmələri Kudsii və Əl-Hammedə uğurlu əməliyyat keçirərək paytaxtın şimal-qərb ətrafını nəzarətə götürüb. Şərqi Qutada cəbhə xətti Zamaniya və Kasmiya yaşayış məntəqələri istiqamətdə dəyişib. Dumeyr-Adra şosesində ordu bölmələri Suriya Azadlıq Ordusunun 40 döyüşçüsünü öldürüb. Qərbi Qutada müqavimət ocaqları Darayya və Muadamiya qəsəbələrində qalmaqdadır. Dəməşqin mərkəzindəki Abbasilər meydanı minaatanlarla atəşə tutulub, 2 nəfər yaralanıb. “As-Safir” qəzeti yazır ki, Dəməşqin ətrafında Suriya ordusu Azad Suriya Ordusunun 300 döyüşçüsünü öldürüb. Bu döyüşçülər İordaniyadakı düşərgədə hazırlıq keçib, aralarında Səudiyyə Ərəbistanı, Liviya və İordaniya vətəndaşları var.
Humsun Əl-Ferkales qəsəbəsində isə iki kamikadze minalanmış avtomobili hərbi post yaxınlığında partladıb. Nəticədə 2 hərbçi ölüb, 2 mülki şəxs yaralanıb. Hələbdə müxaliflər hökumət qüvvələrinin mövqelərini raketlərlə atəşə tutub. Bir neçə əsgər ölüb. Suriya ordusu Erixa şəhərinə nəzarəti də ələ keçirib.