Çində yenə türklərin qanı axdı: 21 ölü
24 aprel 2013 17:27 (UTC +04:00)

Çində yenə türklərin qanı axdı: 21 ölü

Çinin Sincan Uyğur Muxtar Vilayətində vəziyyət yenə gərginləşib.

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Dünya Uyğur Konqresinin baş katibi Seyit Tümtürk dünən Çin xüsusi təyinatlı polislərinin Kaşqarın Baçu kəndində bir evə hücum etdiyini, basqın nəticəsində 10 uyğurun öldürüldüyünü söyləyib.

Öldürülənlər mülki şəxslər olub. Bundan sonra kənddə yaşayan digər uyğurlar əllərinə keçən balta, dəyənək, yaba və digər alətlərlə polislərə hücum çəkib. Ümumilikdə qarşıdurmalar zamanı 21 nəfər həyatını itirib. Ölənlərdən 6 nəfəri polisdir. Bu, 2009-cu ilin iyulunda Sincan Uyğur Muxtar Vilayətinin inzibati mərkəzi Urumçidə 200 nəfərin ölümü ilə nəticələnən qarşıdurmalardan sonra yaşanan ən qanlı gündür.

Çin rəsmiləri isə baş verən olayları dünyaya terror aktı kimi təqdim etməyə çalışır. Baş verənləri terror olayı adlandıran Sincan Uyğur Muxtar Vilayətinin hökumət sözçüsü Hou Hanmin balta, bıçaq və bir odlu silahdan istifadə edildiyini, bir evin yandırıldığını, 21 nəfərin öldüyünü bildirib. O, təhlükəsizlik qüvvələrinin terrorçuların olduğu bir evi mühasirəyə aldığını, terrorçularla təhlükəsizlik qüvvələri arasında atışma baş verdiyini, bundan sonra isə olayların başlandığını qeyd edib.

 

# 1253
avatar

Oxşar yazılar