Çavesi «şəhid», «mömin», «hizbullahçı» saymaq olar?
08 mart 2013 01:21 (UTC +04:00)

Çavesi «şəhid», «mömin», «hizbullahçı» saymaq olar?

Venesuelanın məhrum dövlət başçısı Uqo Çaveslə İran prezidenti Mahum Əhmədinejad arasında sıx münasibət olub. Hətta onların bu dostluğu İranda və xaricdəki iranlılar tərəfindən çeşidli səviyyədə tənqid də edilib.

Lent.az-ın İranın informasiya vasitələrinə istinadən məlumatına görə, Venesuela liderinin vəfatından sonra martın 6-nı ölkədə ümumi matəm günü elan etdi.

Bu  qərarı prezident Mahmud Əhmədinejadın başçılığı ilə keçirilən hökumət iclasına çıxarılıb.

Əhmədinejad Venesuelanın vitse-prezidenti Nikolas Maduroya başsağlığı məktubu yazaraq, Çavesi «mömin», «hizbullahçı» və «şəhid» adlandırıb: «Şübhəli ölümü ilə aramızdan gedən Çaves insani və inqilabi dəyərlərin qorunub saxlanması uğrunda qurban gedən bir şəhiddir. Çaves Latın Amerikasının iftixarlı, lakin kədərli tarixində inqilabçıların qəhrəmanı və mübarizə simvoludur. Şübhə yoxdur ki, o qayıdacaq. Bəli, Çaves bir gün Həzrət İsa Məsihlə birlikdə qayıdıb yer üzündə mehribanlıq, sülh və ədalətin bərqərar olunmasında bəşəriyyətə yardım göstərəcək».

Onun Çavesi «şəhid» adlandırması ölkədə din xadimləri tərəfindən birmənalı qarşılanmayıb.

İranda Namazın Təşkili Qərargahının rəhbəri ayətullah Möhsün Qiraəti Əhmədinejadın başsağlığı məktubundakı bəzi məqamlara kəskin etiraz bildirib.

O, İran prezidentinin adını çəkmədən deyib: “Dünyanın başqa bir yerində bir nəfər ölür, bir nəfər də buradan onun ölümünə görə yazdığı başsağlığında deyir: «O, Allahın saleh bəndələrindən olub və mən əminəm ki, bir gün İsa Məsih və İmam Zamanla birlikdə yenidən qayıdacaq». Axı, sən kimsən və nəçisən ki, bu sözləri dilinə gətirirsən? Sözsüz ki, din alimlərindən uzaq düşən hər kəs belə bir qəflətə və laqeydliyə düçar olar.

Dinin hesab kitabı var və heç kəsin haqqı yoxdur ki, belə söhbətlər etsin, İmam Zamanın nə vaxt gəlib-gəlməyəcəyi haqda danışsın. Əgər siz bir şeyi bəyənir və haqqında şəxsi fikrinizi bəyan edirsinizsə, bunu ictimai yerdə etməməlisiniz».

İran Dini Ekspertlər şurası rəyasət heyətinin katibi  Əhməd Xatəmi deyib ki, prezident başsağlığı məktubunda «ifrata» yol verib: «Prezident yaxşı bilirdi ki, onun belə bir başsağlığı verməsi dini dairələrin reaksiyasına səbəb olacaq. Prezidentin həmkarı vəfat edib. Ölkə prezidentinin bu haqda başsağlığı verməsi təbiidir. Lakin məsələ orasındadır ki, burada əqidə və dini çərçivəyə daxil olmadan diplomatik bir mesaj və ya başsağlığı vermək daha yaxşı olardı. Mən prezidentin bu başsağlığı məktubunda dini məsələlərə qarışmasını düzgün saymıram».

Qum dini mərkəzindən Mehdi Təbatəbayi isə jurnalistlərə açıqlamasında deyib ki, İran prezidentinin başsağlığı məktubunda yazdıqlarının nə dini, nə də qanuni əsası var: «Uqo Çavesin bir gün Həzrət Məsih və İmam Zamanla birlikdə qayıdacağı ilə bağlı dedikləri düzgün deyil. Bu söhbətlərin dini və qanuni əsası yoxdur. Bu, Əhmədinejadın şəxsi fikridir. Baxmayaraq ki, Uqo Çaves bizim dostumuz olub və dünya zülmkarlarına qarşı mübarizə aparıb, onun üçün ölkədə bir gün ümumi matəm elan olunması da düzgün deyil. Bu, səhv addım idi. Təəssüflər olsun ki, bu da bizim cəmiyyətdə baş verən ifratçı hərəkətlərdən biridir. Bunun kökündə isə siyasi oyunlar dayanır».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 874
avatar

Oxşar yazılar