BMT-dən ŞOK HESABAT: hər 4 saniyədə bir insan qaçqına çevrilir
19 iyun 2013 10:43 (UTC +04:00)

BMT-dən ŞOK HESABAT: hər 4 saniyədə bir insan qaçqına çevrilir

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının yeni hesabatı açıqlanıb.

Lent.az-ın verdiyi məlumata görə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının yeni hesabatında zorla didərgin salınmış insanların sayının son 18 ildə ən yüksək həddə olduğu bildirilir.

 

Hesabatda dünyada didərginliyin əsas yeni faktoru kimi özünü göstərən Suriya böhranı ilə qaçqın və ya məcburi köçkünlərin sayının 1994-cü ildən indiyədək olan dövrdə ən yüksək sayda olduğu qeyd edilir. BMT QAK-ın illik Qlobal Trendlər hesabatı hökumətlərin, tərəfdaş QHT-lərin və BMT QAK-ın özünün məlumatları əsasında 2012-ci il ərzində baş vermiş didərginlik faktlarını əhatə edir. Hesabat göstərir ki, 2012-ci ilin sonlarında 45.2 milyondan artıq insan didərginlik vəziyyətində olub. 2011-ci ilin sonunda bu rəqəm 42.5 milyon təşkil edib. 45.2 milyon didərgin insandan 15.4 milyonu qaçqın, 937 mini sığınacaq axtaran şəxs və 28.8 milyonu isə öz ölkəsi daxilində köçməyə məcbur edilmiş şəxslərdir.

 

Müharibə didərginliyin dominant səbəbi olaraq qalır. BMT QAK-ın hesabatında göstərilən bütün qaçqınların 55 faizi müharibəyə məruz qalmış beş əsas ölkədən - Əfqanıstan, Somali, İraq, Suriya və Sudandandır. Hesabat Malidən Konqo Demokratik Respublikasına və Sudandan Cənubi Sudana və Efiopiyaya yeni didərgin axınının olduğunu əks etdirir. BMT QAK-ın rəhbəri Antonio Quterres deyib ki, bunlar həyəcan doğuran rəqəmlərdir: “Bu rəqəmlər fərdlərin geniş miqyasda zərər gördüyünü, münaqişələrin qarşısının alınmasında və onlar üçün davamlı həll yollarının tapılmasında beynəlxalq ictimaiyyətin çətinliklərini əks etdirir”.

 

Hesabat bəzi ərazilərdə narahatedici meylləri qabarıq göstərir. Bunlardan biri hazırda insanların zorla didərginlik vəziyyətinə salınması dərəcəsinin yüksək olmasıdır. 2012-ci ildə 7,6 milyon insan didərgin salınıb. Onların 1.1 milyonu qaçqın, 6,5 milyonu isə məcburi köçkün olub. Başqa sölə, hər 4,1 saniyədə bir insan qaçqına və ya məcburi köçkünə çevrilir. Qaçqınları kimlərin qəbul etdiyi məsələsinə gəldikdə isə, zəngin və yoxsul ölkələr arasındakı fərq də aşkardır. BMT QAK-ın mandatında olan 10.5 mlyon qaçqının (qalan 4.9 milyon Fələstin qaçqını BMT-nin Yardım və İşlər Agentliyinin mandatı altına düşür) yarısı adambaşına düşən ümumi daxili məhsulu 5 min ABŞ dollarından az olan ölkələrdədir. Ümumiyyətlə, inkişaf etməkdə olan ölkələrdə dünya qaçqınlarının 81 faizi yerləşməkdədir. Bu göstərici 10 il əvvəl 70 faiz olub.

 

18 yaşdan aşağı uşaqlar bütün qaçqınların 46 faizini təşkil edir. Bundan əlavə, 2012-ci il ərzində rekord göstərici olaraq sığınacaq istənilməsi ilə əlaqədar 21300 müraciət müşayiət olunmayan və ya valideynlərindən ayrı düşmüş uşaqlar tərəfindən təqdim olunub. Bu, BMT QAK-ın müşayiət olunmayan və ya ayrı düşmüş uşaqlar üzrə indiyədək qeydə aldığı ən yüksək göstəricidir. Hər hansı bir il üçün dünyada olan didərgin insanların sayı, yeni yaranmış didərginliyin, mövcud və həll olunmamış didərginliyin və həll  olunmuş didərginliyin  – yəni, öz yurdlarına qayıdan, yaxud vətəndaşlıq almaqla və ya başqa şəkildə öz ölkəsindən kənarda daimi məskunlaşmağa icazə almış insanların saylarının cəmindən ibarətdir. BMT QAK zorla didərgin salınmış insanlara kömək etmək üçün fəaliyyət göstərir, onlara yardım edir və təxirəsalınmaz əməli kömək etməklə yanaşı, onların taleyi üçün həll yolları axtarır. 2012-ci ildə 2,7 milyon insanın, o cümlədən 526 min qaçqının və 2,1 milyon məcburi köçkünün didərginliyi başa çatıb. Problemi həll edilmiş qaçqınlardan 74800 nəfəri BMT QAK tərəfindən barələrində üçüncü ölkələrdə yerləşdirilmə üçün müraciətlər edilmiş şəxslərdir. 

Ötən il qaçqınların əsas hissəsinin yerləşməsi üzrə ölkələrin sıralanmasında 2011-ci ildən cüzi fərq olub. Pakistan başqa dövlətlərdən daha çox qaçqını (1,6 milyon nəfər) olmaqda davam edib. Növbəti ölkələr İran (868 200)  və Almaniyadır (589 700). Əfqanısatn dünyanın ən böyük qaçqın istehsalçısı olaraq qalır və bu yeri artıq 32 ildir ki saxlayır. Orta hesabla, dünyada olan hər dörd qaçqından biri əfqandır ki, onların da 95 faizi Pakistan və İranda yerləşib. Digər uzanan münaqişə ölkəsi Somali 2012-ci ildə dünyanın ikinci ən böyük qaçqın istehsal edən ölkəsi olub, lakin orada qaçqın axını dərəcəsi aşağı düşüb. İraqlılar üçüncü ən böyük qaçqın qrupunu təşkil ediblər (746 700 nəfər), siyahıda növbəti yeri isə Suriya tutur (471 400).

Öz ölkəsi daxilində didərgin düşmüş insanlara gəlincə, onların sayı 28,8 milyon nəfər olub ki, bu da, son iki onillikdə ən yüksək rəqəmdir. Buraya BMT QAK-ın yardım göstərdiyi 17,7 milyon nəfər də daxildir. BMT QAK-ın məcburi köçkünlərə yardımı birbaşa deyil, hökumətlərin müraciəti əsasında həyata keçirilir. Böyük sayda ölkədaxili didərginlik Konqo Demokratik Respublikasında və Suriyada müşahidə olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1112
avatar

Oxşar yazılar