Berluskoni əl çəkir, italyanlar əl çəkmir: “qoca qurd” Senatı götürdü
26 fevral 2013 17:38 (UTC +04:00)

Berluskoni əl çəkir, italyanlar əl çəkmir: “qoca qurd” Senatı götürdü

İqtisadi böhranla üzləşən İtaliyada seçki qutusundan xaos çıxıb.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, seçkilərdə qalib gələcəyi proqnozlaşdırılan Pierluici Bersaninin lideri olduğu Mərkəz Sol İttifaq səslərin 29,5 faizini qazanıb və avtomatik 340 millət vəkili mandatını təmin edərək parlamentin alt qanadında çoxluğa yiyələnib.

Lakin parlamentin yuxarı qanadında – Senatda çoxluğu sürpriz bir şəkildə  İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin Mərkəzçi Sağ Bloku qazanıb. Bu isə Mərkəz Sol İttifaqın təkbaşına hökumət qurmaq şansını itirməsinə yol açıb. seçki kampaniyasında Avropa Birliyi və avroya qarşı çıxışları ilə seçilən Silvio Berluskoni artıq taktikasını dəyişdirib və rəqibi Pierluici Bersaniyi koalision hökumət qurmağa çağırıb: “İtaliya hökumətsiz qalmamalıdır, bu məsələ üzərində düşünməliyik”. 

 

Silvio Berluskoni dönəmindəki hökumətlərdə təmsil olunmuş Azadlıq və Gələcək Partiyasının lideri Canfranco Fini isə baryeri aşa bilməyərək  parlamentdən kənarda qalıb. İtaliyadakı parlament seçkilərinin əsl qalibi isə siyasətə yeni atılan komediya ustası Beppe Grillo sayılır.  Ölkədəki rüşvətxorluğu tənqid edən Beppe Grillonun lideri olduğu Beş Ulduz Hərəkatı seçkilərdə səslərin 25 faizini qazanıb. Başqa sözlə, artıq Senatdakı yerlərin 24 faizi, parlamentin alt qanadında isə 25,5 faizi Beppe Grillonun lideri olduğu hərəkata məxsusdur.

Parlament seçkilərində mərkəzçilərin lideri, hazırkı baş nazir Mario Monti isə uğursuzluqla üzləşib. Senata seçkilərdə 9.3 faiz səs alan Mario Monti parlamentin alt qanadına seçkilərdə 10,5 faiz səs alaraq baryeri çətinliklə keçib. Ancaq Mario Montinin qazandığı mandatlar Mərkəz Sol İttifaqı ilə koalision hökumət qurmaq üçün yetərli deyil.

 

Siyasi müşahidəçilər isə parlament seçkilərinin hazırkı nəticəsinə əsasən koalision hökumət qurmağın çətin olacağını, yeni seçkilərin gündəmə gələcəyini proqnozlaşdırırlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1131
avatar

Oxşar yazılar