Birləşmiş Ərəb Əmirliklərində dövlət çevrilişi hazırlamaqda ittiham olunan islamçı təşkilatın 94 üzvünün məhkəməsi başlayıb. Lent.az-ın BBC-ə istinadən verdiyi məlumata görə, dəstə üzvləri ötən il həbs edilib. Həbs olunanların arasında iki məşhur hüquq müdafiəçisi, hakimlər, müəllimlər və tələbə liderlər var.
Günahları sübut olunacağı təqdirdə, qrup üzvlərini 15 ilə qədər azadlıqdan məhretmə cəzası gözləyir.
Məlumata görə qrupa 12 qadın da daxildir. Hökumət təsdiq edir ki, onlar “Müsəlman Qardaşları” təşkilatı ilə əlaqəli olan gizli dəstənin bir hissəsi olublar. Həbs olunanların bir çoxu “əl-İslah” adlanan mühafizəkar dini birliyə aiddir. Qeyd edək ki, onların məhkəməsi Əbu-Dabinin Federal Ali Məhkəməsində keçirilir.